Azərbaycan və Türkiyə şirkətləri kənd təsərrüfatı və qida sənayesi sərgilərinə qatılacaq

Kənd təsərrüfatı - 3 Mart 2023 19:28 A A

Mayın 17-dən 19-dək Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri keçiriləcək.

“Iteca Caspian” şirkətindən Xəbər15-ə bildirilib ki, regionun ən böyük beynəlxalq kənd təsərrüfatı sərgisi olan “Caspian Agro” bu il də çoxsaylı ölkələrdən kənd təsərrüfatı sektorunun əsas iştirakçılarını, yerli və xarici mütəxəssisləri, eləcə də fermerlər, kənd təsərrüfatı məhsullarının distribüterlərini, o cümlədən Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafında maraqlı olan və bu prosesdə fəal iştirak edən hər kəsi bir araya gətirəcək. Təşkilatçılar tərəfindən regionlardan gələn fermerlər üçün ənənəvi sərgi üzrə turlar təşkil olunacaq.

Bu il təşkil olunan sərgidə iştirakçılar arasında Almaniya, Amerika Birləşmiş Ştatları, Azərbaycan, Belarus, Çexiya, Çin Respublikası, Finlandiya, Fransa, Gürcüstan, İspaniya, İsrail, İtaliya, Niderland Krallığı, Polşa, Qazaxıstan, Rusiya Federasiyası, Tayland Krallığı, Türkiyə və Yunanıstan şirkətləri yer alacaq. “Caspian Agro 2023” sərgisinin əsas istiqamətlərindən biri “yaşıl kənd təsərrüfatı” olacaq. Bu mövzu sərgi çərçivəsində keçiriləcək Aqrar İnnovasiyalar Forumunda öz əksini tapacaq.

“Caspian Agro” ilə paralel olaraq, Azərbaycan, Belarus, İran, İtaliya, Rusiya Federasiyası, Sloveniya və Türkiyə şirkətlərinin iştirak edəcəyi 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi “InterFood Azerbaijan” keçiriləcək. Vahid platformada sektorun aparıcı istehsalçılarının qənnadı, ət məmulatları, meyvə-tərəvəz, süd məmulatları, çay, tütün və digər qida məhsulları, eləcə də meyvə-tərəvəz emalı üçün avadanlıqlar, işarələmə avadanlıqları və bir sıra digər məhsullar təqdim edir. Sərgi çərçivəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş aşpazlar kuboku üzrə “Qızılşah” adlı 3-cü Azərbaycan Aşpazlar çempionatı da təşkil ediləcək.

Oxunma sayı: 706
Kənd təsərrüfatı - 19:28 A A
OXŞAR XƏBƏRLƏR