Ekspert: Yay mövsümündə Türkiyəyə aviareyslərin sayının daha da artacağı gözlənilir

Turizm - 17 May 2023 14:32 A A

Qarşıdan yay tətili gəlir. Yay tətili günlərində Azərbaycan vətəndaşları, yəni Azərbaycan turistləri qardaş Türkiyəyə üz tuturlar. Təbii ki, bu yay mövsümündə Türkiyə ilə bərabər gediləcək digər istiqamətlər də var. Ancaq həm qiymətinə, həm də keyfiyyətinə və xidmətinə görə Türkiyəyə daha çox üstünlük verilir. Zəlzələdən sonra insanlar müəyyən qorxu və təlaş hissi keçirsələr də yenə də yay ayları üçün rezervasiyalar edirlər.

Bu sözləri Xəbər15-ə açıqlamasında turizm sahəsi üzrə ekspert Rəhman Quliyev deyib.

O bildirib ki, insanlar arasında zəlzələ ilə bağlı təşviş demək olar ki, keçib. Zəlzələnin törətdiyi fəsadlar da aradan qaldırılır. Türkiyə dövləti tərəfindən çevik reaksiya verildi. Bütün ölkəboyu dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq tədbirlər planı həyata keçirildi.

“Hazırda da Azərbaycandan Türkiyənin müxtəlif istiqamətlərinə – Antalya, Alanya, İzmir, Bodrum, Dalaman, Ankara, İstanbul, Trabzon və digər şəhərlərə birbaşa reyslər həyata keçirilir. İyulun sonundan avqusta qədər aviareyslərin sayında daha çox artım nəzərə çarpacaq. Səyahət edənlərin bilet tapması ilə bağlı heç bir problem yaşanmayacaq. Qiymətlər də münasibdir, həm aviabiletlərin qiymətləri, həm də Türkiyədəki otellərin qiymətləri. Təbii ki, otellərin ulduz kateqoriyalarına görə qiymətlər dəyişir. Ən ucuz paketlərdə 1 nəfər üçün 450-500 dollardan başlayan qiymətlər mövcuddur. Buraya bir həftəlik gediş-dönüş bileti, gündə 3 dəfə qidalanma daxildir”, – deyə ekspert vurğulayıb.

Builki yay mövsümündə reyslərin sayının əvvəlki illərə nisbətən çox olduğunu qeyd edən Rəhman Quliyev diqqətə çatdırıb ki, aviareyslər daha da artacaq və bu gözləntilər tələbata uyğun tənzimlənəcək. Yaxın illərdə də bu turist mübadiləsi qardaş Türkiyə ilə Azərbaycan arasında daha da intensivləşəcək.

Oxunma sayı: 562
Turizm - 14:32 A A
OXŞAR XƏBƏRLƏR