Türkiyənin Baş konsulu Gəncə şəhər Nizami Bələdiyyəsində olub

1+1 - 10 Mart 2023 19:15 A A

Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Rəcəb Öztop Gəncə şəhər Nizami Bələdiyyəsinin qonağı olub.

Bələdiyyədən Xəbər15-ə bildirilib ki, Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların xatirəsi ehtiramla yad edilib.

Nizami Bələdiyyəsinin sədri Qoşqar Məmmədov rəsmi qonağı salamlayaraq ölkələrimiz və xalqlarımız arasındakı dostluq və qardaşlıq münasibətlərindən, gündən-günə genişlənən əməkdaşlıq əlaqələrindən söz açıb. 44 günlük Vətən müharibəsi dövründə Türkiyə xalqının və dövlətinin verdiyi mənəvi-siyasi dəstəyin Azərbaycanda çox yüksək qiymətləndirildiyini vurğulayıb.

Qeyd edib ki, Azərbaycan hər zaman olduğu kimi, zəlzələnin ilk saatlarından qardaş Türkiyənin yanında olduğunu əməli fəaliyyəti ilə təsdiqləyib, öz dəstəyini, həmrəyliyini nümayiş etdirib. Azərbaycan-Türkiyə birliyi dünyaya nümunədir.

Baş konsul Rəcəb Öztop hər iki xalqın istər xoş günlərdə, istərsə də, çətin vaxtlarda birlik nümayiş etdirdiyini, bir-birinin sevincini və kədərini bölüşdüyünü diqqətə çatdırıb. Dəhşətli zəlzələ zamanı göstərilən dəstəyə görə Azərbaycan xalqına minnətdarlığını bildirən Rəcəb Öztop bildirib ki, Azərbaycan-Türkiyə münasibətləri hazırda özünün ən yüksək zirvəsinə ucalıb.

Görüş zamanı yerli özünüidarə sahəsində Türkiyə təcrübəsinin öyrənilib ölkəmizdə tətbiq edilməsi istiqamətində atılan addımlardan danışılıb, təcrübə mübadiləsi aparmaq, əməkdaşlığı dərinləşdirmək kimi mövcud perspektivlər müzakirə edilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunaraq şəkil çəkdirilib.

Oxunma sayı: 877
1+1 - 19:15 A A
OXŞAR XƏBƏRLƏR