Azərbaycan aqrar məhsulların ixracında THY-nin xidmətindən yararlana bilər

Kənd təsərrüfatı - 25 Oktyabr 2023 12:57 A A

Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracında Türkiyənin milli aviadaşıyıcısı – “Türk Hava Yolları” (THY) şirkətinin müvafiq sahədə ixtisaslaşmış “THY Hava Kargo Taşımacılığı” SC-nin xidmətindən yararlana bilər.

Xəbər15 Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu məqsədlə qurumda türk şirkətinin nümayəndələri ilə görüş keçirilib.

Görüşdə nazirliyin məsul şəxsləri, kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı üzrə ixtisaslaşmış assosiasiyaların rəhbər şəxsləri, aparıcı aqrar şirkətlərin nümayəndələri, “THY Hava Kargo Taşımacılığı”nın Şərqi Avropa, Gürcüstan və Azərbaycan üzrə məsul şəxsləri iştirak ediblər.

Görüşdə çıxış edən iştirakçlar bildiriblər ki, ölkəmizdə kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı ildən-ilə artır. Kənd təsərrüfatı məhsullarının istehsalçıları artıq ənənəvi xarici bazarlarla yanaşı, yeni bazarlara məhsul ixracına başlayıblar. Bu prosesin genişləndirilməsi məhsul istehsalı ilə yanaşı, logistika işinin də düzgün qurulmasını tələb edir. Bu baxımdan istehsalçılar xüsusilə də tez xarab olan yaş meyvələrin daşınması üzrə ixtisaslaşmış xarici şirkətlərlə əməkdaşlığa maraq göstərirlər. “THY Hava Kargo Taşımacılığı” bu sahədə böyük təcrübəyə malik şirkət kimi Azərbaycanın kənd təsərrüfatı məhsullarının xarici bazarlara qısa müddətdə təhlükəsiz daşınmasına köməklik göstərə bilər.

Şirkətin Şərqi Avropa üzrə Karqo direktoru Çağkan Torunlar isə kənd təsərrüfatı məhsullarının hava nəqliyyatı vasitəsilə ixracına dair ətraflı təqdimat keçirib. O, tez xarab olan və yüksək dəyərə malik hava ilə yüklərin daşınması sahəsində 30 ildən çox təcrübəyə malik olduqlarını deyərək tərəvəz, meyvə, ət, balıq və yumurtanın xarici bazarlara daşınmasının mexanizmləri və tələb olunan standartlar barədə məlumat verib, bildirib ki, işlək mexanizm əsasında məhsullar soyuq təchizat zəncirinin bütün mərhələlərinə əməl edilməklə bir çox ölkəyə ixrac edilir. Daşıma əməliyyatları yüksək texnologiyalı SMARTİST obyektində, İATA PCR-a (tez xarab olan yük direktivi) uyğun olaraq həyata keçirilir.

Oxunma sayı: 226
Kənd təsərrüfatı - 12:57 A A
OXŞAR XƏBƏRLƏR