Azərbaycan və Türkiyə Qolf federasiyaları arasında əməkdaşlıq müqaviləsi imzalanıb

İdman - 14 Aprel 2023 15:34 A A

Azərbaycan Qolf Federasiyasının (AGF) prezidenti Rauf Xəlilov və Türkiyə Qolf Federasiyasının (TGF) rəhbəri Yıldırım Dəmirörən əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədilə əməkdaşlıq müqaviləsi imzalayıblar.

AGF-dən Xəbər15-ə bildirilib ki, əməkdaşlıq müqaviləsi çərçivəsində məşqçi təlimləri, gənclərin inkişaf proqramları, hakim hazırlığı, infrastrukturun inkişafı, yarışların təşkili, ölkədə idmançıların sayının artırılması, texniki məsələlər üzrə qarşılıqlı ekspertiza və digər məsələlərdə birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Müqaviləyə əsasən, Türkiyə və Azərbaycan bütün yaş kateqoriyaları üzrə xüsusi matçlar və ikili düşərgələr təşkil edəcək.

Azərbaycan Qolf Federasiyasının prezidenti Rauf Xəlilov çıxışında bildirib ki, bu müqavilə iki ölkə arasında qardaşlıq və dostluğa daha bir sübutdur: “Qürur hissi ilə bölüşürəm ki, ölkəmizdə dövlət tərəfindən idmanın inkişafına böyük önəm verilir. Azərbaycanda qolf digər idman növləri kimi populyar olmasa da, biz bunu həyata keçirmək əzmindəyik. Bu müqavilə qolf sahəsində ikitərəfli əməkdaşlığın inkişafı istiqamətində mühüm addımdır. Məqsədimiz qolfun inkişafı sahəsində bilik, təcrübə paylaşımını təmin etmək, qolf turizmini ölkəmizdə inkişaf etdirmək və beynəlxalq qolf tədbirlərini regionumuza cəlb etməkdir”.

Oxunma sayı: 433
İdman - 15:34 A A
OXŞAR XƏBƏRLƏR