Azərbaycan seysmoloqları Türkiyənin zəlzələ bölgəsində tədqiqatlara başlayırlar

1+1 - 5 Aprel 2023 18:28 A A

Qardaş Türkiyə Respublikasında bu il fevralın 6-da baş verən dəhşətli zəlzələdən sonra ərazinin hazırkı seysmik vəziyyəti Azərbaycan seysmoloqları tərəfindən öyrəniləcək.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) informasiya şöbəsindən Xəbər15-ə verilən məlumata görə, həmin məqsədlə aprelin 5-də RSXM-in baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərliyi ilə mərkəzin mütəxəssislərindən ibarət bir qrup əməkdaş qardaş ölkəyə yollanıb.

Səfər çərçivəsində azərbaycanlı seysmoloqların zəlzələnin episentrində, Kahramanmaraş və Hatayda kompleks geofiziki-seysmik tədqiqatlar aparması nəzərdə tutulur. Azərbaycanlı mütəxəssislər zəlzələ bölgəsində olan dərinlik qırılmalarındakı hazırkı vəziyyəti tədqiq edəcəklər. Bundan başqa, həmin bölgədə tikinti aparılacaq yerlərin seysmik qiymətləndirilməsi də azərbaycanlı mütəxəssislər tərəfindən həyata keçiriləcək. Tədqiqatlar Respublika Seysmoloji Xidmət Mərkəzi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (AFAD) Zəlzələ Departamenti arasında əməkdaşlıq çərçivəsində həyata keçiriləcək.

Qeyd edək ki, RSXM və AFAD-ın Zəlzələ Departamenti arasında seysmik stansiyalardan alınan məlumatların qarşılıqlı mübadiləsi sahəsində də geniş əməkdaşlıq mövcuddur.

Azərbaycan seysmoloqlarının zəlzələ bölgəsində kompleks geofiziki-seysmik tədqiqatlar aparmasında əsas məqsəd oradakı seysmikliyi öyrənməklə yanaşı, qardaş ölkəyə bu istiqamətdə dəstək verməkdir.

Oxunma sayı: 469
1+1 - 18:28 A A
OXŞAR XƏBƏRLƏR