FHN əməkdaşları Ankarada keçirilən forumda iştirak ediblər
Fövqəladə Hallar Nazirliyinin nümayəndələri Türkiyə Prezident Administrasiyasının Strateji Əməkdaşlıq Direktorluğunun dəvəti ilə aprelin 25-26-da Ankara şəhərində keçirilən “Fəlakətlərə hazırlıq, Cavabvermə və Bərpa” mövzusunda Strateji Əməkdaşlıq Sammitinin (Stratcom Summit) Fövqəladə Hallar üzrə Əməkdaşlıq Forumunda iştirak ediblər.
FHN-dən Xəbər15-ə bildirilib ki, siyasət quruculuğu, idarəetmə, liderlik və peşəkarlıq üzrə beynəlxalq mükəmməllik mərkəzi yaratmağı hədəfləyən, siyasətçiləri, alimləri və hökumət nümayəndələrini, axtarış-xilasetmə, ictimaiyyətlə əlaqə və strateji əməkdaşlıq üzrə ekspertləri, media və vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən Stratcom Sammiti 2021-ci ildən fəaliyyət göstərir.
Forumun məqsədi “Fəlakət və böhranlara hazırlıq siyasətinin formalaşdırılması, belə hallarda koordinasiya və idarəetmə” kontekstində qlobal müzakirələrin, təcrübə, ideya, təhlil və fikir mübadiləsinin aparılması üçün tərəfləri bir araya gətirməkdən ibarət olub.
İstiqlal marşının səsləndirilməsi ilə başlanan açılış mərasimində qardaş ölkədə fevral ayında baş vermiş zəlzələ zamanı həyatını itirənlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Sonra Türkiyə Respublikasının Prezident Administrasiyasının Strateji Əməkdaşlıq Direktorluğunun rəhbəri professor Fahrettin Altun Fövqəladə Hallar üzrə Əməkdaşlıq Forumunun açılış mərasimində çıxış edib. Professor Fahrettin Altun iştirakçıları salamlayaraq foruma qatıldıqlarına görə onlara təşəkkürünü bildirib. O, strateji əməkdaşlıq və ictimaiyyətlə əlaqələr sahəsində dünyəvi bir mərkəz halına gələn Stratcom Sammiti çərçivəsində bu dəfəki forumda fövqəladə hallar üzrə əməkdaşlığa diqqət yetiriləcəyini qeyd edib. Professor Fahrettin Altun bu günədək onlarla ölkədən minlərlə iştirakçının qatıldığı Strateji Əməkdaşlıq Sammitti çərçivəsində böhran vəziyyətlərində idarəetmə, ictimaiyyətlə əlaqə və digər müxtəlif sahələrdə strateji əməkdaşlığın mühüm fəaliyyət istiqamətlərinin hər zaman müzakirə mövzusu olduğunu diqqətə çatdırıb. Professor Fahrettin Altun Türkiyədə fevralın 6-da baş vermiş mərkəzi Kahramanmaraş şəhəri olan zəlzələnin nəticələrinin aradan qaldırılması sahəsində fəaliyyətlərdən və həyata keçirilən tədbirlərdən danışaraq, bu amillərin son 20 il ərzində formalaşdırılmış olan fəlakətlərə müdaxilə imkanlarının əhəmiyyətli olduğunu bir daha göstərdiyini qeyd edib. Natiq çıxışında sel, daşqın və zəlzələyə qarşı yaşayış məskənlərinin daha dayanıqlı vəziyyətə gətirilməsi üçün səylərin davam etdiriləcəyini vurğulayıb və bu istiqamətdə fəlakətlərə hazırlıq və cavabvermə imkanlarının daha da inkişaf etdirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
70 ölkədən nümayəndələrin, müxtəlif ölkələrdən 55 məruzəçinin qatıldığı Fövqəladə Hallar üzrə Əməkdaşlıq Forumunun Azərbaycan, Almaniya, İspaniya, Cənubi Koreya və Polşadan olan məruzəçilərin iştirakı ilə keçirilən “Sərhədsiz qəhrəmanlar” adlı 6-cı panel müzakirələrində ölkəmizi FHN-in Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev təmsil edib. Panel müzakirələrdə fövqəladə hallara hazırlıq, cavabvermə və bərpa üzrə strategiyanın inkişafına, eləcə də fövqəladə hallar üzrə əməkdaşlığın genişləndirilməsinə töhfə verə biləcək təcrübə və fikir mübadiləsi aparılıb, moderatorun bu sahədə sualları cavablandırılıb.
Eyni zamanda, bu ilin fevralında baş vermiş, “Əsrin fəlakəti” adlandırılan zəlzələ nəticəsində yaranmış vəziyyət və qlobal çağırışlar, humanitar əməliyyatlar mühiti, xilasetmə və tibb bölmələrinin, eləcə də könüllülərin fəaliyyəti, cəmiyyətlə əlaqələr və psixoloji dayanıqlılığa dair məsələlər müzakirə mövzusu olub. Forum çərçivəsində, həmçinin Azərbaycan axtarış-xilasetmə və tibb bölmələrinin humanitar əməliyyatlarda iştirakı barədə məlumatlar diqqətə çatdırılıb.
Oxunma sayı: 408-
Azərbaycan və Türkiyə jurnalistləri arasında futbol üzrə yoldaşlıq görüşü olacaq
-
Türkiyə Azərbaycana zeytun yağı ixracını azaldıb
-
Türkiyə TŞ Azərbaycan-Ermənistan münasibətlərini müzakirə edəcək
-
Azərbaycan İstanbuldan məhsul idxalını artırıb
-
“Kəpəz” Türkiyə Superliqasında çıxış edən futbolçunu transfer edib
-
Üç rübdə Azərbaycan Türkiyədən polad alışını azaldıb