Türkiyədə zəlzələ bölgəsində könüllü işləyən Azərbaycan Tibb Universitetinin həkimlərinə Fəxri Fərmanlar verilib

Səhiyyə - 17 Mart 2023 22:54 A A

Türkiyədə zəlzələ baş verən ilk gündən etibarən bütün Azərbaycan ayağa qalxdı və təbii fəlakətdən zərərçəkənlərə hər istiqamətdə yardım kampaniyası başlandı. Maddi və mənəvi yardımla yanaşı, çoxsaylı həkimlərimiz də Türkiyədə xidmət göstərdilər. Həmin kampaniyada Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşlarının da təmsil olunduğu Azərbaycan Könüllü Həkimlər Assosiasiyası (AKHA) yaxından iştirak etdi. Assosiasiyanın zəlzələ bölgəsində fəaliyyəti haqqında Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında təqdimat keçirilib.

Universitetin mətbuat xidmətindən Xəbər15-ə bildirilib ki, tədbirdə AKHA-nın rəhbəri, ATU-nun Ağız, üz-çənə cərrahiyyəsi kafedrasının assistenti Oqtay Mehdiyev çıxış edərək həkimlərimizin könüllü olaraq yardımı ilə bağlı məlumat verib. Təqdimatda Kahramanmaraş şəhərində AKHA üzvlərinin Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin təmsilçiləri ilə birlikdə mobil səhra hospitalının qurulmasındakı fəaliyyəti, həkimlərin həyata keçirdiyi digər işlər haqqında məlumatlar yer alıb.

Təqdimatdan sonra çıxış edən ATU-nun Tədris Cərrahiyyə Klinikasının direktoru Avcil Mücahit Azərbaycan dövlətinin və vətəndaşlarının həmin yanaşmasından çox təsirləndiyini bildirərək ümumilikdə türk milləti adından təşəkkürünü çatdırıb: “Fəlakətdən dərhal sonra yanımızda ilk Azərbaycanı gördük. Elə təqdimatdan da aydın olur ki, zəlzələdən zərərçəkən vətəndaşlarımıza hər cür yardım göstərmisiniz. Şəxsən öz adıma göstərilən diqqətə görə çox duyğulandığımı və qürurlandığımı deyə bilərəm. İnanıram ki, qardaşlığımız daimi olacaq, bayraqlarımız əbədi olaraq yanaşı qalacaq”.

Türkiyə Cümhuriyyətinin Azərbaycandakı səfirliyinin mətbuat üzrə müşaviri Hüseyin Altınalan Azərbaycan ictimaiyyətinin hər təbəqəsinin Türkiyədə baş verən zəlzələnin ağrısını ürəyində hiss etdiyini bildirib. O, həmin çətin və ağrılı dönəmdə ölkə rəhbərliyindən sadə vətəndaşa qədər hər kəsə göstərdiyi yardımlara görə öz təşəkkürünü bildirib.

Tədbirin sonunda mobil səhra hospitalında çalışmış könüllü həkimlərə fəxri fərmanlar təqdim olunub.

Oxunma sayı: 461
Səhiyyə - 22:54 A A
OXŞAR XƏBƏRLƏR