Türkiyəli mütəxəssislər Bakıda baş məşqçilər üçün seminar keçib

İdman - 27 May 2024 12:14 A A

Bakıda məşqçilər üçün keçirilən Beynəlxalq Voleybol Federasiyasının (FIVB) Level-1 seminarı başa çatıb.

Xəbər15 məlumat verir ki, tədbir FIVB-nin dəstəyi və Azərbaycan Voleybol Federasiyasının (AVF) təşkilatçılığı ilə baş tutub.

Seminarda Bakı və bölgələrimizdən olan məşqçilərlə yanaşı, Türkiyə, Avstraliya, İran, Hindistan və Belarusdan ümumilikdə 40-a yaxın mütəxəssis iştirak edib. Seminara FIVB-nin məşqçi-instruktoru Cengiz Akarçeşme və yeniyetmə, gənc oğlanlardan ibarət milli komandaların rəhbəri Cahangir Seyed Abbasi rəhbərlik ediblər.

Tədbir nəzəriyyə və təcrübədən ibarət olub. Mayın 23-də iştirakçılar praktiki yoxlamadan keçiblər. Burada lazımi bal toplayan mütəxəssislər nəzəri imtahanda iştirak hüququ qazanıblar. Mayın 24-də son imtahanın ardınca yüksək nəticə göstərmiş iştirakçılar müəyyənləşib. 38 nəfərdən 35-i FIVB-nin Level-1 dərəcəli beynəlxalq sertifikatına layiq görülüb. Digərlərinə isə iştirakçı sertifikatı verilib.

İmtahanlardan sonra bağlanış mərasimi baş tutub. Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunan tədbirdə AVF-nin baş katibi Faiq Orucov çıxış edərək iştirakçıları salamlayıb, imtahanları uğurla keçən və FIVB Level-1 sertifikatı alan məşqçiləri təbrik edib.

Qeyd edək ki, bu Azərbaycanda keçirilən dördüncü FIVB Level-1 seminarıdır.

Oxunma sayı: 263
İdman - 12:14 A A
OXŞAR XƏBƏRLƏR