Azərbaycan Türkiyənin ən böyük “Kültür yolu” Festivalında iştirak edəcək

Mədəniyyət - 4 May 2024 16:02 A A

Azərbaycan və Türkiyə arasında mədəniyyətin müxtəlif sahələrinə dair əməkdaşlıq, Türkiyənin ən böyük “Kültür yolu” Festivalında Azərbaycanın iştirakı müzakirə edilib.

Bu barədə Xəbər15-ə Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzindən bildirilib.

Qeyd edilib ki, Mərkəzin direktoru Samir Abbasov Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Beynəlxalq əlaqələr və Avropa Birliyi üzrə departament rəhbəri Gözde Şahinlə görüşüb. Görüşdə ikitərəfli əlaqələr üzrə şöbə koordinatoru, Azərbaycan üzrə kurator Semin Nurel də iştirak edib.

Samir Abbasov Türkiyə ilə mədəni əlaqələrin daha da inkişaf etdirilməsinin dövlətimiz üçün əhəmiyyətini qeyd edərək, son illər mədəniyyət sahəsində əməkdaşlığın genişlənməsi barədə görülən işlərdən danışıb, mədəniyyətin bir çox sahələrində birgə layihələrə ehtiyac olduğunu vurğulayıb.

Daha sonra tərəflər qarşılıqlı olaraq muzeylər arasında təcrübə mübadiləsi, ilkin olaraq Azərbaycanın aparıcı muzeylərinin rəhbərlərinin Türkiyəyə səfəri, onların Ankara və İstanbuldakı böyük və tarixi muzeylərin təcrübələri ilə tanışlıq, birgə görüşlərin keçirilməsi, muzey işi sahəsində yeni təcrübə – İstanbul rəqəmsal muzeyinin təcrübəsindən Azərbaycanda faydalanmaq, muzey, opera və balet sahəsində əməkdaşlıq, simfonik orkestrlərin qarşı tərəfə aid əsərlərin ifası ilə birgə konsertlərin təşkili (bir sıra iştirakçıların – dirijor, solistlərin qarşı tərəfdən iştirakının təmin edilməsi), Azərbaycanda Beynəlxalq Muğam Mərkəzi ilə Türkiyənin Güzel Sanatlar Universiteti arasında əməkdaşlığın yaradılması müzakirə olunub və qeyd olunan təkliflərin reallaşdırılmasına dair birgə plan razılaşdırılıb.

G.Şahin 8 ay davam edəcək, Türkiyənin 16 şəhərində reallaşdırılacaq və ilin sonuna qədər keçiriləcək “Kültür yolu” festivalının əhəmiyyətini qeyd edərək mədəniyyəti, incəsənəti, tarixi, ədəbiyyatı bir yerdə birləşdirən Türkiyənin ən böyük festivalında Azərbaycan tərəfinin təmsil olunmasının mühümlüyünü və bu istiqamətdə dəstək göstərməyə hazır olduqlarını qeyd edib.

Görüşdə koordinasiyalı işin aparılması, birgə layihələrin reallaşdırılmasına dair razılıq əldə olunub.

Oxunma sayı: 52
Mədəniyyət - 16:02 A A
OXŞAR XƏBƏRLƏR